
Ən çox bahalanan məhsulların adları AÇIQLANDI

Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,4%, qeyri-ərzaq məhsulları üzrə 4,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,4% artıb.
Açıqlanan rəsmi məlumatlar bildirir ki, cari ilin noyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin noyabr ayına nisbətən 11,1% artıb.
2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,9%, əvvəlki ilin noyabr ayına nisbətən 14,9% artıb.
Bu ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, çörəyin, peçenyenin, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kəsmiyin, xamanın, yoqurtun, pendirin, yumurtanın, kərə yağının, süfrə marqarininin, üzümün, bananın, armudun, qozun, fındığın, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində müşahidə olunub.